Xankəndidə açılan hotellər kimə məxsusdur?
Hotellərin saytına nəzər yetirdikdə onların “Xankəndi Hotellər Kompleksi” çətiri altında birləşdikləri görünür. Kommersiya qurumlarının dövlət reyestrində isə bu hotellər şəbəkəsi “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Xankəndi” Mehmanxana Kompleksi” kimi qeydiyyatdan keçib. 2024-cü il iyun ayının 4-də dövlət qeydiyyatına alınan kompleksin qanuni təmsilçisi İlqar Orucəli oğlu Hüseynovdur. Kompleksin nizamnamə kapitalı haqqında isə məlumat qeyd olunmayıb.
Prezidentin İşlər İdarəsi — Azərbaycan Prezidentinin və Prezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil, dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır. 2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir.
Prezidentin İşlər İdarəsinə tabe olan müəssisə, təşkilat və iaşə obyektləri:
“Ulduz” Qonaq Evi (Prezident İqamətgahı və “Ulduz” Sarayı daxil olmaqla)
“Azadlıq” Qonaq Evi
“Gənclik” iqamətgahı
“Zuğulba” iqamətgahı (1 N-li Pansionat və “Şəfəq” Sarayı daxil olmaqla
İşlər İdarəsinin Pansionatı (əvvəlki adı: 2 N-li Pansionat)
“Qəbələ” iqamətgahı
Rəsmi Qəbullar Sarayı (əvvəlki adı: Səadət sarayı)
İşlər İdarəsinin Avtomobil Parkı
İşlər İdarəsinin “İstisu” Mineral Su Zavodu
İşlər İdarəsinin “İstisu” Müalicə-İstirahət Kompleksi
İşlər İdarəsinin “Xankəndi” Mehmanxana Kompleksi
“Marxal” Müalicə-İstirahət Kompleksi
“Basqal” Müalicə-İstirahət Kompleksi
“Şabran” İstirahət Kompleksi
“Laçın” İstirahət Kompleksi
“Azərsuvenir” MMC
“Azərbaycan Nəşriyyatı” MMC
Prezident Kitabxanası
İctimai-Siyasi Sənədlər Arxivi
Təsisçisi olduğu qəzetlərin siyahısı:
“Bakinski raboçi” qəzetinin redaksiyası
“Respublika” qəzetinin redaksiyası
“Xalq qəzeti”nin redaksiyası
Hotellər haqqında nələri bilmirik?
Xankəndi şəhərində 3 hotel tikilib və hər birinin açılışında ölkə başçısı iştirak edib. Hotellərin tikintisinə yaxud bərpasına büdcədən nə qədər vəsait ayrılması, onun necə xərclənməsi, tikinti-təmir-bərpanın hansı şirkətlərin həyata keçirməsi barədə məlumatlar açıqlanmır.
Qanunvericiliyə görə, dövlət qurumu malları, işləri və xidmətləri əldə edəndə satınalma metodlarından istifadə etməlidir. Satınalma müqaviləsinin həyata keçirilməsi üçün isə tender müsabiqəsi keçirilməlidir. Dövlət satınalmalarının vahid internet portalında yazıda adı hallanan şirkətin hər hansısa tender müsabiqəsinə rast gəlinməyib.
Ekspertlər və araşdırmaçı jurnalistlər mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa və tikinti işlərinin qeyri-şəffaf keçirildiyini bildirirlər.
Araşdırma materiallarında bu kimi oxşar layihələrdə tenderin keçirilməsinin belə şübhəli olduğu qeyd olunur. Qanunvericilik isə bütün dövlət qurumlarının hesabatlılığa əməl etməli olduğunu vurğulayır.
İlham Əliyev isə mətbuata verdiyi açıqlamasında azad olunmuş ərazilərdə bütün bərpa, yenidənqurma işlərinin maksimum şəffaf şəkildə aparıldığını bildirmiş, tender prosedurlarına tam əməl edildiyini dilə gətirmişdi.
Nəticə budur ki, Xankəndidə açılan hotellər birbaşa prezident və onun İşlər İdarəsinin tabeliyindədir. Dövlət müəssisəsi dövlət vəsaiti hesabına kommersiya fəaliyyəti ilə məşğul olur. Lakin şəffaflıq baxımından qanunvercilikdə nəzərdə tutulan normalara uyğun hesabatlılıq mövcud deyil.
Kanala abunə ol - https://goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol https://cutt.ly/destek
WebSite: http://www.meydan.tv
Facebook: http://fb.com/MeydanTelevision
Twitter: http://twitter.com/MeydanTV
Google+ https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram: http://instagram.com/meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277